Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Nizamişünaslıq

18-02-2018 [ 17:59 ] [ oxunub:136 ]
printerA+ | A-

Nizamişünaslıq

Nizamişünaslıq

Nizamişünaslıq XII əsr Azərbaycan şairi, milli renessansın zirvəsi olan Nizami Gəncəvinin həyat və yaradıcılığı, əsərlərinin tədqiqi, nəşri və təbliği ilə məşğul olur, Yaxın və Orta Şərqlə, habelə, Avropa ilə (Qərbdə) əlaqələrini, tərcümələrini, ədəbi-tənqidi mətnlərini öyrənir. Nizamişünaslıqda Nizami Gəncəvinin mühiti və müasirləri: Nizami və Azərbaycan, Nizami və Türk ədəbiyyatı, Nizami və dünya ədəbiyyatı problemləri tədqiqat obyekti götürülür. Nizami ədəbi məktəbinin daha dərindən tədqiqi məsələləri müasir Nizamişünaslığın aktual problemlərindəndir. Nizami irsinin tədqiqat tarixi də Nizamişünaslıq üçün aktualdır.

Əbül-üla Gəncəvi, Xaqani Şirvani, Fələki Şirvani, Məhsəti Gəncəvi, Qivami Mütərrizi Gəncəvi, Mücirəddin Beyləqani, İzzəddin Şirvani Nizami Gəncəvinin müasirləri olmuşlar.

Nizaminin dövründə həm xalq yaradıcılığı yüksəlmiş, həm də rəsmi ədəbi dil olan farsdilli yazılı ədəbiyyat inkişaf etmişdir. Folklor yazılı ədəbiyyata təsir göstərmişdir.

          Dövrün mədəniyyət mərkəzi olan Şirvanşahlar sarayında poeziya yüksəlmiş, qədim poetika əsasında ədəbi məktəblər formalaşmışdır. Bu ədəbi məktəb XII əsrdə tanınmış, Yaxın Şərq ədəbiyyatı üzərində dərin təsiri olmuşdur. Bu ədəbi hərəkata Əbül-üla Gəncəvi başçılıq etmişdir. O, Şirvanşahlar sarayında Məliküşşüəra olmuşdur.

          Nizaminin yaşadığı XII əsr Azərbaycan mədəniyyətinin qızıl dövrü hesab olunur. Bu mədəniyyət Şamaxı, Beyləqan, Bərdə, Gəncə, Təbriz və Naxçıvanda xüsusilə qiymətli incilərlə zənginləşmişdir. Nizaminin zamanında nücum, tibb, coğrafiya, tarix, fəlsəfə, ədəbiyyatşünaslıq elmləri inkişaf etmişdir. Nizami hind, yunan, yəhudi, Çin və xristian xalqlarının mədəniyyəti ilə maraqlanmışdır.

          Nizami Gəncəvinin lirikasında qəzəl janrı mühüm yer tutur. Bunlar aşiqanə mövzudadır, sənətkarlıq xüsusiyyətlərinə malikdir.

          Dahi şair 1178-ci ildə “Sirlər Xəzinəsi” əsərini yazmışdır. Yaxın Şərqdə ilk romantik poema olan mənzum roman “Xosrov və Şirin” 1180-ci ilin bədii məhsuludur. 1188-ci ildə “Leyli və Məcnun” poeması, 1196-cı ildə “Yeddi gözəl” meyana gəlmişdir. 1203-cü ildə isə “İskəndərnamə” poeması yazılmışdır.

          Qədim Şərq təzkirəçiləri, Qərbi Avropa və rus şərqşünasları Nizaminin 20 min beytlik “Divan”ı olduğunu, lakin itdiyini qeyd edirlər.

          Nizaminin ilk əsəri “Sirlər xəzinəsi”dir. Əsərdə dərin ictimai-siyasi və əxlaqi-fəlsəfi məsəslələrdən bəhs edilir. Nizamişünas Y.Bertels bu əsəri güzgü adlandırmışdır.

          “Xosrov və Şirin” məhəbbət mövzusunda yazılmış ilk mənzum romandır. Əsas sürətləri Xosrov, Şirin, Məhinbanu, Hörmüz, Fərhad, Şapur, Şiruyyə və başqalarıdır. Şirin məhəbbət, sədaqət, ədalət və fədakarlığın ifadəsidir. Xosrov şairin siyasi görüşlərini əks etdirir. Tarixi surətdir, tarixi həqiqətləri ifadə edir. Fərhad da əsas qəhrəmanlardan biridir, Nizaminin əməkçi insan surətidir.

“Leyli və Məcnun” poemasında Məcnun XII əsr feodal quruluşunda azadlıq istəyən gəncdir. Cəmiyyət isə onun hüquqlarını, arzularını boğur. Leyli də hüquqsuz və ixtiyarsızdır, sədaqətli, vəfalı və fədakardır.

“Yeddi gözəl” poemasında əsas qəhrəman Sasani padşahı Bəhram Gurdur. Yeddi şahzadə qızın nağılı, yeddi məhbusun şikayəti, Simnarın faciəsi, Fitnə hadisəsi, qoca çobanın nağılı və s. onun həyatı ilə bağlanmışdır. Poema elmi-nücum əsasında qurulmuş, günbəzlər, şahzadə qızlar, günlər, rənglər və məhbusların yeddiliyi ulduzlarla əlaqələndirilmişdir.

“İskəndərnamə” poeması Nizaminin ictimai-siyasi və fəlsəfi fikirlərinin ifadəsidir. Birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. Əsas qəhrəman Makedoniyalı İskəndərdir.O, Nizaminin yüksək ideyalarının ifadəsinə xidmət edir. Şair ədalətli hökmdar surəti yaratmaq istəmişdir. Sənətkar eyni zamanda dünya, yaradılış, həyat və kainat haqqında görüşlərini də ifadə etmişdir. İskəndərin məclisində Ərəstu, Valis, Bəlinas, Sokrat, Fərfuryus, Hörmüz, Əflatun iştirak edir, Yaradılış haqqında mühakimə yürüdürlər. Həqiqəti dərk etməkdə insan əqli acizdir.

Nizaminin “Xəmsə”si əsasında Ə.X.Dəhləvi, Ə.Cami, Ə.Nəvai və başqaları “Xəmsə” əsərləri yazmışlar.

Nizami mövzuları Qərbi Avropa ədəbiyyatında da əksini tapmışdır. Nizami əsərlərini ilk dəfə özbək şairi Qütb qıpçaq dilinə tərcümə etmişdir. Şairin əsərlərində türk dilinin sözləri, atalar sözləri və zərbül-məsəlləri çoxluq təşkil etmişdir.

Nizami dünya şöhrətli Azərbaycan şairidir. Hazırda Nizamişünaslıq bir elm kimi Nizami Gəncəvi irsini hərtərəfli öyrənməkdə, nizamişünaslığa yeni töhfələr verməkdədir.

 

 

SİZƏ MARAQLI OLA BİLƏR