Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AÇAR SÖZLƏR

Qədim dövr Azərbaycan ədəbiyyatı

18-02-2018 [ 17:59 ] [ oxunub:465 ]
printerA+ | A-

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövr Azərbaycan ədəbiyyatı

Qədim dövr Azərbaycan ədəbiyyatı XII əsrə qədərki dövrü əhatə edir. Əsasında Qurani-Kərim, islam təfəkkürü, romantik fikir və düşüncə dayanır. Türk (Azərbayca) dilli ədəbiyyat nümunələri isə demək olar ki, qalmamışdır. Azərbaycan sənətkarlarının əksəriyyəti farsca, qismən ərəbcə yazıb-yaratmışlar. Klassik janrlar qəzəl, qəsidə, müxəmməs, rübai, mürəbbe, müsəddəs, müsəmməm, müsəmmət və başqaları olmuşdur. Məhəbbət və təbiət mövzusu qədim dövr ədəbiyyatının əsasını təşkil etmişdir. İsmayıl ibn Yasar, Əbul-Əbbas əl-Əma, Şihabəddin Şöhrəvərdi, Xətib Təbrizi, Yusif ibn Tahir Xoyli və başqaları əsərlərini ərəb və farsca yazmışlar.  Qədim dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Əbül-Üla Gəncəvi, Mücirəddin Beyləqani, Qivami Mütərizi Gəncəvi və başqalarıdır.Nizami Gəncəvi erkən Azərbaycan renessansının zirvəsidir.

“Avesta” əsəri ən qədim Azərbaycanın dini, əxlaqi, ictimai-siyasi və fəlsəfi təfəkkürünün qaynağıdır.

Erkən orta əsrlər ədəbiyyatının (“Alban-Aran” ədəbiyyatı”) məşhur mərsiyəsi Davdağın “Cavanşirin ölümünə” əsərdir. Orxon-Yenisey kitabələri V-VIII əsrlərin abidəsidir. “Kültiqin”, “Bilgə kağan”, “Tonyukuk” kitabələri bu dövrün abidələrindəndir. Əsərlərdə türk xalqlarının obrazı canlandırılmışdır. Erkən orta əsrlər ədəbiyyatında türkdilli xalqların dini-mifoloji görüşləri ifadə olunmuşdur.

VII-VIII əsrlərdə yaşayıb yaratmış İsmayıl ibn Yəsar, Musa Şəhavat, Əbül Abbas Əl-Əma ərəbdilli Azərbaycan şairlərindəndir.

İslam dini Azərbaycanda yayıldıqdan sonra sufilik təriqəti yaranmış, Bərəkəveyn Zəncani, Muğləsi Marağayi sufiliyin nümayəndələri kimi tanınmışlar.

Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk”, Yusif xas Hacibin “Qutadqu-bilik” əsərləri XI əsr Azərbaycan ədəbiyyatının qiymətli nümunələridir.

“Kitabi-Dədə Qorqud” dastanları folklor yaradıcılığı olsa da, əlyazma nüsxələrinə malikdir. Oğuz türklərinin tarixi eposudur. 12 boyu elm aləminə məlumdur. Vatikan və Drezden əlyazmaları mövcuddur. Oğuzların qəhrəmanlıq və məhəbbət salnaməsini əks etdirir. Qopuz bu dastanda müqəddəs tutulur. Hər bir boyda bir qəhrəmanın igidliyindən bəhs edilir. Dastanın əsas ideyasında tanrıçılıq dünyagörüşü dayanır. Hadisələri Dədə Qorqud söyləyir, igidlərə ad verir, söz qoşur, musiqi çalır və s.

XII əsrin təlimlərindən biri də işraqilik olmuş, banisi Şihabəddin Sührəverdidir. Onun “Hikmətül-işraq” kitabı vardır. Alim bədii yaradıcılıqla da məşğul olmuşdur.

Qətran Təbrizi farsdilli Azərbaycan şairi olub XI-XII əsrlərin saray şairidir. Onun “Təfsir” əsəri tanınmışdır.

Əbül-üla XII əsrin “Divan” müəlliflərindən biridir. Onun “Qəssamnamə” qəsidəsi vardır. Məhsəti Gəncəvi XII əsr şeirinin rübailər müəllif kimi tanınmışdır. Fələki Şirvani, Mücirəddin Beyləqani də Divan müəllifləridir.

Xaqani Şirvani “Divanı” ilə məşhurdur. “Töhfətül-iraqeyn” (“Töhfətül-xəvatir və zibdətül-nəvazir”) məsnəvisi, “Mədain xərabələri” qəsidəsi və məktubları (“Münşəate-Xaqani”) qiymətli əsərlərindəndir.

Ömər Gənci, Yusif ibn Tahir Xoylu ərəbdilli Azərbaycan şairlərindəndir. Xətib Təbrizi də əsərlərini ərəbcə yazmışdır. Ədəbiyyat nəzəriyyəsinə aid fikirləri, izah və şərhləri mövcuddur.

Qədim Azərbaycan ədəbiyyatının saraydan kənarda yaşamış şairləri İskafi Zəncani, Qivami Mütərrizi, Hüseyn Təbrizi, Xəttat Nizami Təbrizi, Əbülhəsən Əli Miyanəçi, Ömər Gənci və başqalarıdır.