Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Aygün Bağırlı. “Sənətkarın elmi pasportu” seriyasından ilk monoqrafik tədqiqat

31-01-2019 [ 16:20 ] [ oxunub:19 ]
printerA+ | A-
96793

Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiy­yat­şü­naslıq elmində ədəbiyyatımızın böyük yaradıcıları olmuş şəx­siy­yət­lərin həyatı və yaradıcılığına həsr edilmiş monoqrafik təd­qi­qat­la­ra təsadüfdən-təsadüfə rast gəlmək olur. Ədə­biyyat tarixi istiqamətində keçən əsrin 50-70-ci illərində yazılmış mo­noqrafik tədqiqatlar, çap edilmiş kitablar isə ideoloji cəhətdən köh­nəldiyi üçün müasir dövrün tələblərinə tam cavab verə bilmir. Klassiklərimizdən tutmuş müasirlərimiz olan sənətkarlaradək bütün ya­zıçı və şairlərimizin elmi pasportu olan monoqrafik tədqiqatların ya­zılıb nəşr olunmasına, geniş oxucu auditoriyasına, xüsusən ədəbi-el­mi ictimaiyyətə çatdırılmasına təzədən müraciət etmək zərurəti meydana çıxmışdır. Həmin sahədəki ciddi ehtiyac nəzərə alınmaqla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2017-ci ildən etibarən ədə­biyyat tarixi yönlü şöbələrin elmi-tədqiqat planlarında  həm klassiklərin, həm də çağdaş sə­nət­kar­ların həyatı və yaradıcılığına həsr olunmuş monoqrafik təd­qi­qat­la­ra geniş yer ayrılmışdır. Artıq “Nizamişünaslıq” şöbəsində Nizami Gən­cəvinin, “Qədim dövr Azərbaycan ədəbiyyatı” şöbəsində Xaqani Şir­vaninin, “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsində Mə­həm­məd Füzulinin, “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsində Mirzə Fətəli Axundzadənin, “Şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsində Aşıq Ələsgərin, “XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsində Mikayıl Müş­fi­qin və Mehdi Hüseynin, “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsində Mə­həmmədhüseyn Şəhriyarın, “Ədəbiyyat nəzəriyyəsi” şöbəsində Məm­məd Cəfər Cəfərovun, “Ədəbi tənqid” şöbəsində Kamal Ta­lıb­za­dənin və başqalarının həyatı və yaradıcılığına, elmi fəaliyyətinə həsr edilmiş təd­qi­qat­lar tamamlanmaq üzrədir.  Hazırda “Yeni dövr Azərbaycan ədəbiyyatı” şö­bəsinin əməkdaşları tərəfindən hazırlanmış “Əbdür­rə­him bəy Haq­verdiyev. Həyatı və yaradıcılığı” monoqrafik təd­qi­qatı isə başa çat­dı­rılmış və çap edilmişdir. Bu, dövlət müstəqilliyi şəraitində milli ədə­biy­yat tari­xi­mi­zə, yazıçı, tənqidçi və ədəbiyyat­şünas­ları­mı­zın həyatı və ya­ra­dı­cı­lı­ğına  elmi-ədəbi pasport formasında yenidən qayıdışın ilk addımı kimi mühüm əhə­miy­yətə malikdir.

 “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin əməkdaşlarının yazdıqları “Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrünün yeni təfəkkürü işığında, mümkün qədər keçmiş sovet ideoloji streotiplərindən fərqli movqedən yazılmışdır. Monoqrafiyada görkəmli yazıçının həyatı və yaradıcılığı ədəbi-tarixi prosesin reallıqlarına uyğun şəkildə tədqiq olunmuşdur. Sovet dövründə Əbdürrəhim bəy Haqverdiyev haqqında yazılmış elmi əsərlər isə bugünkü tədqiqat üçün mənbə, qaynaq funksiyasını həyata keçirmişdir.

 “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığı konsepsiyasının həyata keçirilməsində ilk mühüm addım kimi də əhəmiyyət kəsb edir. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin kitaba yazdığı “Yeni ədəbiyyat tarixçiliyi konsepsiyası və ilk elmi addımlar” adlı ön söz həm “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı”, həm də bütövlükdə “Sənətkarın pasportu” seriyasından nəşr ediləcək sonrakı kitablar üçün nəşrin zərurətini əsaslandıran və seriyanın inkişaf yoluna işıq salan mükəmməl elmi-nəzəri müqəddimədir.

“Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Yazıçıların həyatı və yaradıcılığının tədqiqinə yenidən qayıdış” layihəsi əsasında “Sənətkarın pasportu” seriyası üzrə  hazırlanmış birinci monoqrafik tədqiqatdır. Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində yazılmış bu monoqrafiyada görkəmli yazıçı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin həyatı və yaradıcılığı əhatəli şəkildə təhlil edilmiş, ədibin ömür yolu, ictimai fəaliyyəti və yaradıcılığının əsas sahələri: dramaturgiyası, bədii nəsri, publisistikası, ədəbi görüşləri, habelə əsərlərində sənətkarlıq xüsusiyyətləri, ədəbi irsinin tədqiqi və nəşri tarixi haqqında geniş və sistemli elmi məlumat verilmişdir.

Qeyd edək ki, layihənin ideya rəhbəri və kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru mərhum ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, rəyçisi AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. “Əbdürrəhim bəy Haqverdiyev. Həyatı və yaradıcılığı” monoqrafiyası tədqiqatçılar, ali və orta məktəblərin müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

                                                           

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR